CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Hər il 450-500 xəstə üzərində dövlət hesabına ürək əməliyyatları keçirilir
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycanda ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda stasionar tibb müəssisələrində müalicə alan xəstələr üçün dərman və sarğı materialları tam olaraq dövlət vəsaiti hesabına ödənilir. Həmçinin dövlət tibb müəssisələrinin maddi-texniki təchizatı yenilənir, kadrların peşəkarlığının artırılmasına ciddi fikir verilir. Bu tədbirlər çərçivəsində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin ürək cərrahiyyəsi, əməliyyat və reanimasiya şöbələri əsaslı təmir olunaraq ən son avadanlıqlarla təchiz edilib. Mərkəzdə kardioqrafiya, angeoqrafiya və digər müayinələrin keçirilməsi üçün ən müasir avadanlıqlar quraşdırılıb.
Hazırda hər növ ürək əməliyyatları ölkəmizdə uğurla icra olunur. Hər il orta hesabla 450-500 xəstə üzərində dövlət hesabına açıq və qapalı ürək əməliyyatları keçirilir.