CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Son bir necə ay ərzində dərmanlarla bağlı 10 şikayətə baxılıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində əhalinin müraciət və şikayətlərinə diqqətlə baxılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərman preparatına dair yaranan şübhə ilə bağlı hər bir vətəndaş Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edə bilər. Son bir necə ay ərzində 10 belə şikayətə baxılıb. İki halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilıb və faktla bağlı lazımi tədbirlər görülüb.
Ciddi nəzarət dərman preparatlarının istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərini əhatə edir. Lakin bir mexanizm var ki, bu da dərman preparatının xəstə tərəfindən istifadəsindən sonra da böyük rol oynayır. Bu, farmakonəzarət və ya dərman preparatının əks təsirləri haqqında məlumatların toplanmasıdır.
Hazırda Azərbaycan dərman vasitələrinin əks təsirlərini toplayan Beynəlxalq Monitorinq Mərkəzinin müşahidəçi ölkələri sırasına daxildir. Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydaları təsdiqlənib. Qaydaya əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı təlimatda göstərilməyən, yaranan bütün əlavə təsirlər haqqında məlumat verməlidirlər. Xəstələr üçün də məlumat formaları hazırlanıb. Dərmanın əks təsirləri aşkar edildiyi halda vətəndaş AEM-in rəsmi internet saytındakı “onlayn” məlumat blankını doldurub bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər.
Dövlət qeydiyyatında olan dərman preparatları haqqında bütün məlumatlar AEM-in rəsmi internet səhifəsində (www.pharma.az) yerləşdirilir.