REGİONLAR


Səhiyyə Nazirliyi media nümayəndələri üçün cənub bölgəsinə media-tur təşkil edib

A+ A

Lənkəran-Astara, 29 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Səhiyyə Nazirliyi bölgələrdə yerləşən tibb müəssisələrində KİV-lərin nümayəndələri üçün media-turlar təşkil edir. Məqsəd regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində aparılan yenidənqurma işləri ilə ictimaiyyəti tanış etməkdir.

AZƏRTAC xəbər verir ki, növbəti media-tur ölkəmizin cənub bölgəsinin Lənkəran, Lerik və Astara rayonlarına təşkil olunub.

Tur çərçivəsində Lənkəran Müalicə-Diaqnostika Mərkəzi ilə tanış olan KİV-lərin nümayəndələrinə burada əhaliyə göstərilən tibbi xidmət barədə ətraflı məlumat verilib.

Mərkəzin baş həkimi Malik Məmmədov bildirib ki, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən səhiyyə müəssisəsi ən müasir tibbi avadanlıqla təchiz edilib. Burada dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri xidmət göstərir. Mərkəzdə müalicə və müayinə ilə yanaşı, müxtəlif əməliyyatlar, o cümlədən açıq ürək əməliyyatları da həyata keçirilir.

Qeyd olunub ki, Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən ezam olunan həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılır.

Bunun nəticəsi olaraq əhali müalicə və müayinə üçün paytaxt Bakıya getmək zərurəti ilə üzləşmir, birbaşa yaşadığı ərazidə keyfiyyətli səhiyyə xidməti ilə təmin edilir.

Tədbir çərçivəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunmuş geniş tərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılıb.

RMDM-in diaqnostika şöbəsinin müdiri Əhməd Məmiş bildirib ki, Mərkəz tərəfindən vaxtaşırı olaraq regionlarda əhaliyə tibbi xidmət göstərmək məqsədilə aksiyalar keçirilir. Aksiya zamanı əhalinin müayinəsi aparılır, ehtiyacı olan xəstələr üzərində cərrahiyyə əməliyyatları keçirilir.

Müayinələrdə RMDM-in intervensional radiologiya və şüa diaqnostikası, ginekologiya, neyrocərrahiyyə, qastroenterologiya, kardiocərrahiyyə, LOR şöbələrinin aparıcı mütəxəssisləri iştirak ediblər.

Daha sonra media-turun iştirakçıları Lerik Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olublar.

Xəstəxananın baş həkimi Mübariz Ağayev jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, səhiyyə ocağında əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Doxsan çarpayılıq xəstəxanada poliklinika, terapiya, cərrahiyyə, doğum, uşaq xəstəlikləri, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri fəaliyyət göstərir.

Media-tur çərçivəsində KİV-lərin nümayəndələri Astara Mərkəzi Rayon Xəstəxanası ilə də tanış olublar.

Xəstəxananın baş həkimi Əlövsət Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün mühüm işlər görülüb.

Əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi Astara Mərkəzi Rayon Xəstəxanası yüksək beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıq və ixtisaslı kadrlarla təmin olunub.

Xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalarının rayonun ən ucqar dağlıq kəndlərində yerli əhalinin tibbi müayinə və müalicəsini apardığını vurğulayan Ə.Əliyev respublikanın tanınmış və yüksəkixtisaslı tibb mütəxəssislərinin də rayona dəvət edildiyini, onların yerli əhalinin tibbi müayinə və müalicəsində iştirakının gözəl ənənəyə çevrildiyini, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə tibb ocağında ilk dəfə olaraq böyrəkköçürmə əməliyyatının aparıldığını diqqətə çatdırıb.

Media nümayəndələri, həmçinin cənub bölgəsinin görməli yerləri ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.