QAN YADDAŞI
Səhiyyə Nazirliyində Xocalı faciəsinin 25-ci ildönümü anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Xocalı faciəsinin 25-ci ildönümü respublikamızın bütün dövlət və qeyri-dövlət qurumlarında olduğu kimi, Səhiyyə Nazirliyində, onun idarə və müəssisələrində də hörmətlə anılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Bundan başqa bir çox tibb müəssisələrində o cümlədən, 1 saylı Kliniki Tibbi Mərkəzdə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza mərkəzində Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb, erməni vandalizmi qətiyyətlə pislənib.
Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Xalqımız bu dəhşəti heç bir zaman unutmayacaq.
Tədbirlərin sonunda qanlı tarixi - Xocalı faciəsini əks etdirən sənədli filmlər nümayiş olunub.