CƏMİYYƏT
Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunda səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov dünyada 250 milyondan artıq insanın talassemiya daşıyıcısı və təxminən 300 min insanın talassemiya xəstəsi olduğunu, bu xəstəliyin ən çox Kipr, İtaliya, Türkiyə, Yunanıstan, Misir, İran, Pakistan, Hindistan və Çində yayıldığını bildirib.
Məlumat verilib ki, Azərbaycanda da bu xəstəliyə düçar olanlar var. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl sosialyönümlü tədbirlər nəticəsində əhaliyə göstərilən tibbi xidmətin də keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə 11 Dövlət Proqramı qəbul olunmuş və uğurla davam etdirilir. İnsanların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən dövlət rəhbərimizin talassemiyalı xəstələrə də diqqəti xüsusi qeyd olunmalıdır.
Şöbə müdiri vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısının alınması ilə bağlı əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Respublika Talassemiya Mərkəzi yaradılıb. Nəticədə talassemiyalı xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin edilib. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da uğurla yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyi köçürülüb.
İclasda nikahdan əvvəl icbari tibbi müayinənin gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımı tədbirlər yüksək səviyyədə hazırlanıb. Yerlərdə bu işin səmərəliliyin artırılması üçün yeni ailə qurmaq arzusunda olan gənclər yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır.
Şöbə müdiri bildirib ki, 2013-2014-cü illərin statistikası göstərir ki, respublikada ildə orta hesabla 85-90 min nikah qeydə alınır.
Onun sözlərinə görə, bu, 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 2 faizi Bakı şəhərinin payına düşür, qalan 76 faiz regionlara aiddir. Bakıda bir gündə 50-60, regionlarda isə 180-ə yaxın nikah qeydə alınır. Bu da gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir. O, belə bir əhəmiyyətli tədbirə cəlb olunmuş müəssisələrin sayının yetərincə olmasını qeyd edib.
Daha sonra nazir O.Şirəliyev diqqəti Səhiyyə Nazirliyə daxil olmuş müraciət və təkliflərin araşdırılması məsələsinə yönəldib.
Vətəndaşların müraciətlərinin dinlənilməsi və qısa vaxt ərzində həll olunması baxımından Səhiyyə Nazirliyinin tərkibində yaradılmış e-səhiyyə xidmətinin təşkilindən danışan nazir dövlət və ya özəl tibb müəssisələrinin rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb. O, həmçinin Səhiyyə Nazirliyinin ünvanına daxil olan məktubların, o cümlədən işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verib.