CƏMİYYƏT


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində tərcümə xidməti fəaliyyət göstərəcək

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

Dərman vasitələrinin istifadə təlimatlarının təsdiq olunması prosedurunun sürətləndirilməsi üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində tərcümə xidməti yaradılıb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 4.2 maddəsində dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərinin ilkin ekspertizasının aparılmasına dair müqavilənin bağlanılması və bu müqavilə əsasında rüsumun ödənilməsi nəzərdə tutulsa da, bu prosedura 2016-cı ilə qədər riayət olunmurdu. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası ilə danışıqlar aparılıb və ilkin ekspertizanın aparılması üçün tarif təsdiq olunub.

Bu ilin birinci yarısında dərman vasitələrinin qeydiyyatının aparılmasına dair qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb. Farmakonəzarət xidmətinin yaradılması məqsədilə müvafiq qaydalar işlənilib, bu sahə üzrə işləyəcək mütəxəssis xarici ölkəyə təlimə göndərilib. Hazırda dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının elektron sisteminin yaradılması istiqamətində tədbirlər hazırlanır. Bununla yanaşı, dünyanın bir sıra iri dərman istehsalçılarının zavodlarına baxışların keçirilməsi üçün səfərlər təşkil edilib. Qazaxıstanın "Dərman vasitələri, tibbi avadanlıq və tibbi ləvazimatlarının Milli Ekspertiza Mərkəzi" ilə əməkdaşlıq memorandumu hazırlanıb.

Mərkəzdə mart ayından etibarən “Bir pəncərə” xidməti fəaliyyətə başlayıb, müasir texnoloji-innovativ bilik və bacarıqların praktiki əldə olunması məqsədilə ümumilikdə 30-dan çox əməkdaş yerli və beynəlxalq təlimlərdə iştirak edib. Mərkəzin struktur quruluşu təkmilləşdirilib, strateji planı təsdiqlənib. Həmçinin mərkəzin tamamilə yenilənmiş rəsmi elektron saytı (www.pharma.az) sahibkarların və əhalinin istifadəsinə verilib. Yeni tətbiq olunan axtarış sistemləri vasitəsilə dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş qiymətləri, aptek təşkilatları barədə məlumatlar əldə etmək mümkündür. Gələcəkdə elektron kargüzarlıq sisteminin yaradılması üçün işlər görülür.

Hazırda “Dərmanların keyfiyyətinə nəzarət (inspeksiya) şöbəsi” yeni struktur dəyişikliyinə uyğun olaraq “Əczaçılıq subyektləri ilə iş şöbəsi” adı ilə öz iş fəaliyyətini davam etdirir. Şöbənin müasir elmi-texniki tərəqqinin tələblərinə cavab verən yeni texniki avadanlıqlar və əyani vəsaitlərlə təmin edilməsi prosesinə başlanılıb.

Analitik Ekspertiza Mərkəzinin ”Qaynar xətt”inə ayrı-ayrı vətəndaş və müxtəlif təşkilatlardan daxil olan şikayət və sorğu xarakterli müraciətlərin qanunauyğun şəkildə cavablandırılması, şikayətlərin operativ həlli və vətəndaşların ətraflı məlumatlandırılması məqsədilə cavabdeh şöbənin fəaliyyəti daha da gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.