CƏMİYYƏT
Səhiyyə Nazirliyinin “Qaynar Xətt”inə yanvar ayı ərzində 897 müraciət daxil olub
Bakı, 6 fevral, AZƏRTAC
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin gücləndirilməsi, dövlət təminatının yaxşılaşdırılması, yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla, vətəndaşların operativ qaydada əlaqələndirilməsini təmin edən “Qaynar Xətt” və “Elektron Səhiyyə” Mərkəzinin fəaliyyəti bu gün də tam gücü ilə davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciətlər hər iki xidmətin mütəxəssisləri tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır.
Nazirliyin “Qaynar Xətt” (9103) xidmətinə 2016-cı ilin yanvar ayı ərzində 897 müraciət daxil olmuşdur. Onlardan 607-si sorğu, digərləri isə müraciət, şikayət və s. məsələlərlə əlaqədar olub.
“Qaynar xətt” xidmətinin fəaliyyətini daha müasir müstəviyə keçirərək asan xidmət prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həllinə yönələn Elektron Səhiyyə Mərkəzinə 2016-cı ilin yanvar ayı ümumilikdə 2691 müraciət daxil olub. Daxil olan müraciətlərin 1873-nü əsaslı sorğu, 538-ni müalicə məsələləri, 42-sini müxtəlif səpkili müraciətlər təşkil edib.
Zəruri hallarda “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən də cavablandırılıb.