CƏMİYYƏT


Səhiyyə Nazirliyinin baş onkoloqu: Erkən mərhələdə xəstəliyin müalicəsi mümkündür VİDEO

A+ A

Bakı, 21 oktyabr, Əziz Məmmədov, AZƏRTAC

Türkiyə Tibbi Onkologiya Birliyinin və Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə artıq ikinci ildir Bakıda Türkiyə-Azərbaycan onkologiya günləri keçirilir. Konqresin məqsədi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində ən aktual problemləri, habelə müasir onkologiya qarşısında duran vəzifələri müzakirə etməkdir. Eyni zamanda, belə bir fakt xüsusilə xoşdur ki, konqresin keçirilməsi Azərbaycanın müstəqilliyinin elan olunmasının 25-ci ildönümünə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu, Azərbaycan tərəfindən bu konqresin həmsədri Azad Kərimli jurnalistlərə müsahibəsində söyləyib.

A.Kərimli dünyada onkoloji xəstələrin sayının artması probleminə toxunaraq deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərə tutulanların sayı artmaqdadır. Belə xəstələrin sayının artması ekologiya problemləri, qidalanma rejimi, qida məhsullarının tərkibi, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanmanın və radiasiyanın artması kimi amillərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, ətraf mühitin çirklənməsi həm onkoloji, həm də başqa xəstəliklərin yaranmasına səbəb olur. Bununla belə, ölkəmizdə bu xəstəliyə tutulanların sayı çox deyil. Hazırda respublikada 40 min onkoloji xəstə qeydə alınıb”.

Respublikanın baş onkoloqu jurnalistlərə müsahibəsində xəstələrə məsləhət görüb ki, onlar xəstəliyin başlanğıc mərhələsində həkimə müraciət etsinlər. Bu, xərçəng xəstəliyinin bəzi formalarının sağalması ehtimalını xeyli artırır. A.Kərimli deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzisinin xərçəngi, kişilər arasında isə ağciyər, traxeya və bronxların xərçəngi xəstəliklərinə çox rast gəlinir. Xərçəng çox vaxt yaşı 50-dən çox olan adamlarda müşahidə olunur. Amma bu xəstəlikdən daha cavan yaşda əziyyət çəkənlər də var. Xoşbəxtlikdən, xərçəngdən əziyyət çəkən uşaqlar çox vaxt bu xəstəlikdən müalicə olunurlar. Mənə inanın, xərçəng sözündən qorxmaq lazım deyil, çünki erkən mərhələdə onun müalicəsi mümkündür. Hesab edirəm ki, bu xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər keçirilməlidir. Qadınlara məsləhət görürəm ki, 30-35 yaşdan sonra mammoqrafiya kursu keçsinlər, çünki bu, süd vəzisinin xərçənginin aşkar edilməsi üçün ən müasir və ən dəqiq müayinə metodudur. Bu halda xəstəliklə mübarizədə bütün məsuliyyəti yalnız onkoloqların üzərinə qoymaq olmaz. Düzdür, xərçəngə qarşı mübarizə sahəsində maarifləndirmə işi son vaxtlar yaxşılaşıb, amma bununla belə, bu işdə telekanallar daha fəal iştirak etməli, əhaliyə onkoloji xəstəliklər barədə daha geniş məlumat verməlidirlər. Məsələn, bəzi insanların ölkədə Uşaq Onkoloji Klinikasının fəaliyyəti barədə təsəvvürü yoxdur. Bundan əlavə, rayonlarda qeyri-adi hallarla üzləşirik. İnsanlar bu xəstəliyin ən böhranlı həddə çatmasına qədər gözləyirlər. Mən belə adamları qınamıram, çünki bütün bunlar maariflənmə işinin lazımi səviyyədə olmamasının nəticəsidir”.

Müsahibəsinin sonunda Azərbaycanda onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində görülən tədbirlərə toxunan Azad Kərimli deyib: “Ölkəmizdə onkoloji xəstəliklərin müalicəsi sahəsində ciddi işlər görülüb və bu işlər davam edir. Onkologiya sahəsində nəzərəçarpacaq uğurlar qazanmışıq. Bakıdakı Milli Onkologiya Mərkəzi ilə bərabər, regionlarda onkoloji dispanserlər fəaliyyət göstərir. Bu mərkəzlər müasir avadanlıq və dərman preparatları ilə təmin olunub. Son illər Azərbaycanda gənc həkimlər arasında onkologiya sahəsinə maraq artıb. Bu, bizi sevindirməyə bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.