CƏMİYYƏT
Səhiyyə Nazirliyinin sanaviasiya xidməti yüksək səviyyədə təşkil olunub
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda səhiyyə nazirinin əmri ilə stansiyanın regional məntəqələrinin yaradılmasının regionlarda baş vermiş yol-nəqliyyat hadisələri və digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaratdığı vurğulanıb.
Bildirilib ki, məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi-texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilib. Belə ki, 113 regional məntəqə bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə, habelə son model “Mercedes” markalı reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.
Stansiyanın baş həkimi Mirələm Cavadov deyib ki, hazırda Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının bazasında Fransa istehsalı olan 2 helikopter var. Həmin helikopterlər ən son müasir tibbi avadanlıqlarla təchiz olunub. Onun sözlərinə görə, bu helikopterlər vasitəsilə rayonlarda olan ağır xəstələrin təcili başqa yerə evakuasiya olunması həyata keçirilir. Helikopterlərin enə bilmədiyi yerlərdə xüsusi qurğularla xərəklər iplə aşağı salınır və xəstə evakuasiya olunaraq helikopterlərə mindirilir. Helikopterlərdən cari ilin aprelində cəbhədə baş verən döyüşlərdə də istifadə olunub və görülən işlər çox uğurla nəticələnib. Yaralılar vaxtında xəstəxanalara çatdırılaraq onlara yüksək yardım göstərilib.
Qeyd olunub ki, 2007-2016-cı illərdə 15 min 192 nəfər yol qəzasına düşmüş xəstəyə təcili yardım göstərilib.