CƏMİYYƏT
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.
Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 23-də Şəki Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Şəki, Oğuz, Qax, Balakən və Zaqatala rayonları sakinlərinin səhiyyə sahəsinə dair şikayət və müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.