CƏMİYYƏT
Səhiyyə nazirinin müavini türkiyəli həmkarı ilə görüşüb
Bakı, 30 yanvar, AZƏRTAC
Bakıda Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində VI Uroonkologiya Qış Konqresi və kursu keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə Türkiyə, ABŞ və Böyük Britaniyadan 200-dən artıq mütəxəssis iştirak edir.
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev konqres çərçivəsində Türkiyə Səhiyyə Nazirliyinin müşaviri, professor Eyüp Gümüşlə görüşüb.
Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsindəki münasibətlər, kadr hazırlığına dair sazişin detalları, dərman sənayesi kimi mühüm məsələlər müzakirə olunub.
E.Ağayev iki ölkə arasında olan dostluq münasibətlərinin səhiyyə sahəsində də daim özünü göstərdiyini vurğulayıb, “Bakı-2015” ilk Avropa Oyunlarına son hazırlıq işlərindən, habelə yenicə tikilib istifadəyə verilmiş tibb müəssisələrində əhali üçün yaradılmış şəraitdən bəhs edib. Azərbaycan və Türkiyə arasında tibb təhsili və sağlamlıq məsələlərində geniş əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə iki ölkə arasında imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişinin yenilənməsi və genişləndirilməsi də müzakirə mövzusu olub.
Kadr hazırlığı sahəsində azərbaycanlı tələbələrə göstərdiyi diqqət və qayğıya görə Türkiyə dövlətinə minnətdarlığını bildirən E.Ağayev hər iki ölkənin həkimlərinin birgə fəaliyyət göstərmələrinin sevindirici hal olduğunu vurğulayıb. Qeyd olunub ki, azərbaycanlı mütəxəssislər qardaş Türkiyədə də əhaliyə keyfiyyətli tibbi yardım göstərir və onlara orada böyük tələbat var.
Qonaq isə ölkəsindəki yeniliklərdən, o cümlədən 59 xəstəxana və tibb müəssisəsini özündə birləşdirəcək “Sağlıq Bilimlər Universiteti”nin yaradılması ideyasından, xarici ölkələrin Türkiyədə yeni dərman istehsalı fabriki yaratmaq planından danışıb.