CƏMİYYƏT
“Səhiyyə, sağlamlıq və ekologiya" qrupuna aid QHT-lərlə görüş keçirilib
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında “Səhiyyə, sağlamlıq və ekologiya" qrupunda ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Tədbir şuranın qeyd olunan qrupundan üzv seçilən “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovun təşəbbüsü ilə təşkil olunub.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, A.Xəlilov görüş şuranın dəstəyi ilə həyata keçirilən layihələrin icrasının yekunları ilə bağlı müzakirələr aparmaq, QHT-lərin qarşılaşdıqları problemləri və onların həlli üçün təşkilatların təkliflərini dinləmək məqsədilə keçirildiyini bildirib. Şuranın dəstəyi ilə səhiyyə, sağlamlıq və ekologiya məsələləri istiqaməti üzrə ötən illərdə həyata keçirilən layihələr haqqında məlumat verən sədr təmsil etdiyi qurumun QHT-lərdən innovativ təşəbbüslər gözlədiklərini qeyd edib.
Toplantıda QHT sədrləri layihələrin icrası zamanı qarşılaşdıqları məsələlər barədə danışıb, təkliflərlə çıxış edib, layihələrin icrası zamanı və hesabat dövründə Şura Katibliyinin əməkdaşlarının onlara yaxından köməklik göstərdiyini bildiriblər.
Tədbirdə iştirak edən QHT rəhbərləri səhiyyə, sağlamlıq və ekologiya istiqaməti üzrə fəaliyyət göstərən təşkilatların fəaliyyətinin koordinasiyasını təşkil etməyin faydalı olacağını qeyd edib, müvafiq koalisiyanın yaradılmasını təklif ediblər. Yeganə Sultanovaya koalisiyanın yaradılması işinin koordinatorluğu həvalə edilib.
Sonda A.Xəlilov QHT rəhbərlərinin suallarını cavablandırıb.