REGİONLAR


Səhiyyə sahəsində aparılan islahatlar tibbi xidmətin səviyyəsini daha da yüksəldib

Naxçıvan, 30 yanvar, AZƏRTAC

Son illər muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib. Bu istiqamətdə aparılan işlər Naxçıvanda tibbi xidmətin səviyyəsinin daha da yüksəlməsinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən səhiyyə naziri Niyazi Novruzov deyib.

Nazir bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2016-cı ildə 6 min 510 uşaq doğulub, 1850 ölüm hadisəsi qeydə alınıb, təbii artım 4 min 660 nəfər, doğum göstəricisi 14,5, ölüm göstəricisi 4,1, bir yaşa qədər uşaq ölümü 10 nəfər olmaqla, 1,5 promilli təşkil edib.

Qeyd olunub ki, dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə-müalicə işi aparıb. Qadın mədəniyyət işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mammoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilib. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri aparılır. Bunun nəticəsidir ki, yoluxucu xəstəliklərin kökü, demək olar ki, kəsilib.

Səhiyyə naziri diqqətə çatdırıb ki, tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib. Həmçinin onlar Bakı şəhərinin, İranın və Türkiyənin müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilib, həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.

Sonra nazirliyin statistika və informatika sektorunun müdiri Kəmalə Həsənovanın, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayevanın, Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimovanın və Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədovanın çıxışları olub.

Kollegiya iclasına yekun vuran Niyazi Novruzov bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması üçün tibb işçiləri qüvvə və bacarıqlarını əsirgəməyəcək, cari ili yüksək göstəricilərlə başa vuracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.