MƏDƏNİYYƏT
Şəhla Aslan: Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində gözəl şərait yaradılıb
Bakı, 19 dekabr, Ayişə Axundova, AZƏRTAC
Dekabrın 18-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin yaradıcılıq fakültəsinin ikinci kurs tələbəsi, gənc yazıçı Şəhla Aslanın “Qudsal Dönüş” kitabının təqdimatı keçirilib. 2014-cü ildə “CFC Pressium” MMC nəşriyyatında çapdan çıxmış bu kitaba gənc müəllifin eyniadlı povesti və hekayələri daxildir. Kitab geniş oxucu auditoriyasına ünvanlanıb.
AZƏRTAC-a eksklüziv müsahibəsində Şəhla Aslan deyib: “Mən Yardımlı rayonunda doğulmuşam. Uşaqlıqdan doğma yurdun təbiətinin gözəllikləri canıma-qanıma hopub. Ailəmizin üzvləri həmişə ədəbiyyata meyilli olublar, məni də yaradıcılığa həvəsləndiriblər.
Mən fəal ədəbi yaradıcılıqla məşğulam, persona.az saytının baş redaktoruyam. Bu saytda tez-tez gənc müəlliflərin, o cümlədən BSU-nun yaradıcılıq fakültəsinin tələbələrinin əsərləri yerləşdirilir. Fakültəmizdə ədəbi istedadın inkişafı üçün çox yaxşı şərait yaradılıb, peşəkar tənqidçilər nəsli yetişdirilir”.