MƏDƏNİYYƏT
Səhnəmizin Cülyettasının 100 illiyi qeyd edilib
Fitri istedada malik aktrisa Barat Şəkinskaya Azərbaycanın zəngin mədəniyyət xəzinəsində layiqli yer tutan rəngarəng xarakterli obrazlar qalereyası yaradıb. Bu gün də sevilən çoxsaylı qəhrəmanları ilə o, milli teatr tarixində azərbaycanlı aktrisa obrazını formalaşdırmış ilk sənətkarlardandır.
Bu il iyunun 28-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyi tamam olub. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş Xalq Artisti Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Bu Sərəncama uyğun olaraq, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Nizami adına mədəniyyət mərkəzində Barat Şəkinskayanın 100 illiyinə həsr olunmuş “Səhnəmizin Cülyettası” adlı yubiley gecəsi keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə aktrisanın ailə üzvləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Yubiley gecəsində çıxış edənlər onunla bağlı xatirələrini paylaşıb, aktrisanın keçdiyi ömür yoluna bir daha nəzər salıblar.
Tədbirdə Barat Şəkinskayanın çəkildiyi kinolardan fraqmentlər və radionun “qızıl fondu”nda qorunub saxlanılan tamaşaların lent yazıları təqdim olunub.
Yubiley gecəsinin sonunda Barat Şəkinskayanın qızı Solmaz xanım çıxış edərək, bu tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.