İDMAN
Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən turnirdə liderliyi davam etdirir
Bakı, 29 aprel, AZƏRTAC
Keçənilki Vüqar Həşimov memorialının qalibi Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat superturnirində finala iki tur qalmış liderliyini möhkəmləndirib.
AZƏRTAC xəbər verir ki, yeddi turdan sonra azərbaycanlı qrossmeysterin aktivində 5 xal var. İngilis Maykl Adams, amerikalı Uesli So və bolqar Veselin Topalov hər biri 4 xal, ukraynalı Pavel Elyanov 3,5, rusiyalı Sergey Karyakin, Vladimir Kramnik, polyak Radoslav Voytaşek və azərbaycanlı Teymur Rəcəbov hər biri 3, hindistanlı Pentala Xarikrişna 2,5 xal toplayıb.
Vüqar Həşimov memorialının yeddinci turu turnir ərzində ən sülhsevər tur olub. Bu turun bütün partiyaları heç-heçə başa çatıb: Şəhriyar Məmmədyarov – Maykl Adams, Pavel Elyanov - Uesli So, Teymur Rəcəbov – Veselin Topalov, Sergey Karyakin – Vladimir Kramnik, Pentala Xarikrişna – Radoslav Voytaşek.
Bu gün səkkizinci turda Radoslav Voytaşek – Şəhriyar Məmmədyarov, Vladimir Kramnik – Maykl Adams, Veselin Topalov – Pentala Xarikrişna, Uesli So – Teymur Rəcəbov, Sergey Karyakin – Pavel Elyanov görüşəcək.