ELM VƏ TƏHSİL
Şəhriyar poeziyası insanı birliyə, dostluğa, sülhə çağırır
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycanın və türk dünyasının böyük şairi Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubileyinə həsr olunmuş ədəbi–bədii tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova ustad şairin yaradıcılığından söz açıb, görkəmli sənətkarların həyat və fəaliyyətinin öyrənilməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Tədbirdə dosent Vəfa Əliyev “Şəhriyarın həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, M.Şəhriyar öz əsərləri ilə sağlığında klassiklər səviyyəsinə yüksəlib, yaxın Şərq ədəbiyyatını bədii obrazlarla, təravətli ifadə vasitələri ilə zənginləşdirib, anadilli poeziyamıza “Heydərbabaya salam” kimi sənətkarlıq baxımından nadir əsərlərindən birini töhfə verib. Şəhriyar poeziyasının başlıca cəhəti ondan ibarətdir ki, bu poeziya insanı birliyə, qardaşlığa, dostluğa, sülhə və azadlığa çağırır. Şəhriyarın poetik dünyası dövrünün, zəmanəsinin bədii ensiklopediyasıdır. Ustad şairin “Heydərbabaya salam” poeması xalq dilində yazılıb. Poemanın ən qiymətli cəhətlərindən biri də şairin burada xalqın həyat və məişətindən, adət və ənənələrindən bədii tablolar yaratmasıdır. Onun bədii əsərləri böyük tirajlarla tez-tez nəşr olunur. Şəhriyarın əsərləri bu gün də öz aktuallığını saxlayır. Bu əsərlərdə dövrün ziddiyyətləri, haqsızlıq, ictimai bərabərsizlik tənqid olunur, milli birlik, ana dilinə tükənməz məhəbbət tərənnüm edilir.
Mərasimdə Şəhriyarın lent yazıları və şairin şeirlərinə yazılmış mahnılar səsləndirilib, BXA-nın tələbələri şairin poeziyasından nümunələr ifa ediblər.