ELM VƏ TƏHSİL
“Şəhriyar və zəmanəmiz” kitabı nəşr olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Tanınmış şərqşünas və tərcüməçi, (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri Məsiağa Məhəmmədinin “Şəhriyar və zəmanəmiz” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitaba alimin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazdığı məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə həsr olunan iri həcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilib.
Kitabda Şəhriyarın fəlsəfi dünyaduyumunun əsas aspektləri, çağdaş dövrün mahiyyəti və səciyyəsi ilə bağlı özünəməxsus görüşləri açıqlanır, onun XX əsr İran şeirində müstəsna yerini şərtləndirən amillər müəyyənləşdirilir. Şəhriyar poeziyasının tərcüməsi məsələləri də burada geniş yer tutur.
Nəşrin redaktoru, tanınmış tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovdur. O, kitaba yazdığı “Ön söz”də müəllifin Şəhriyar yaradıcılığına dair tədqiqatlarının elmi-ədəbi dəyərini vurğulayıb, onun araşdırma predmetinə özünəməxsus və fərqli yanaşmasını xüsusi qeyd edib.
Kitab şərqşünaslar, ədəbiyyatşünaslar, eləcə də Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.