MƏDƏNİYYƏT
“Sehrli üzük” hazırlanır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalq nağılı “Sehrli üzük”ün motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədov tərəfindən hazırlanan eyniadlı tamaşa ilin sonlarında balacaların ixtiyarına veriləcək.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsinin nümayişi olacaq.
Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.
Uşaqlara qorxmazlıq və özünə inamı tərənnüm edən tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.
Rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova və Cavid Telman ifa edəcək.