REGİONLAR
“Şəki-İpək” ASC-də bölgənin kümdarları üçün 100 minə yaxın tut tingi yetişdirilib
Şəki, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə “Şəki-İpək” ASC tərəfindən Şəki-Zaqatala iqtisadi rayonunda bu sahə ilə məşğul olan fermerlərə tezliklə pulsuz olaraq 100 minə yaxın rayonlaşdırılmış tut tingi paylanılacaq.
Bu barədə AZƏRTAC-a səhmdar cəmiyyətin idarə heyətinin sədri Nizami Qəribov məlumat verib.
Tinglərin 50 min ədədi Şəkinin, qalanı isə bölgənin digər rayonlarının kümdarlarına veriləcək və bu ilin noyabr-dekabr, gələn ilin yaz aylarında fermerlərin özlərinə məxsus pay torpaqlarında əkilməsi planlaşdırılır.
Səhmdar cəmiyyətdən verilən məlumata görə, əvvəlki illərdə Çindən alınmış toxumdan yetişdirilən tinglər soyuq iqlim şəraitinə dözümlü olmadığı üçün tez quruyurdu. Müəssisənin mütəxəssisləri tərəfindən yetişdirilmiş yeni tut tingləri isə bölgənin iqlim şəraitinə tam uyğunlaşdırılıb. Bu tinglərdən yetişdirilən ağacların məhsuldarlığı 3 ildən sonra 50-60 faizə çatır.
Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də respublikamızın baramaçılıq rayonlarında 1 milyondan çox tut tinginin əkilməsi nəzərdə tutulur.