REGİONLAR


“Şəki-İpək” ASC ilin sonunadək mövcud xammal bazası ilə fəaliyyət göstərə biləcək VİDEO

A+ A

Şəki, 6 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətini xeyli canlandırıb. Uzun illər fasilədən sonra bu il Azərbaycanda 71 ton yaş baramanın istehsal edilməsi nəticəsində müəssisədə istehsal prosesi artıq bərpa olunub.

İyunun əvvəlində baramaaçan istehsalatının işə salınması nəticəsində müəssisədə yenidən xam ipək istehsalına başlanılıb. Bu isə, öz növbəsində, digər istehsal sahələrinin də fəaliyyətinə öz təsirini göstərib. Nəticədə avqustun 1-dən müəssisənin burucu və toxucu istehsalatlarının da fəaliyyətləri bərpa edilib.

AZƏRTAC-ın müxbiri müəssisənin burucu və toxucu istehsalatlarında olub, istehsal sahələrinin fəaliyyəti ilə maraqlanıb, işçilərlə söhbətləşib.

Kümçülərdən tədarük edilən yaş barama əvvəlcə müəssisənin xammal şöbəsinə və çeşidləyici sexə daxil olur. Təmizləndikdən sonra barama müəssisənin baramaaçan istehsalatına göndərilir. Burada istehsal edilən xam ipək sap daha sonra müəssisənin burucu istehsalatına göndərilir. Bir teldən ibarət olan ipək sap sexdəki dəzgahların köməyi ilə alıcının sifarişinə əsasən 3 teldən 10 telədək qalınlıqda burulur. Hazırda bu istehsal sahəsində 35 nəfər işçi çalışır.

Burulmuş ipək sap sonra müəssisənin toxucu istehsalatına göndərilir. İstehsalatın hazırlıq sexinin rəisi Eldar Mustafayevin sözlərinə görə, burada toxunan ipək parçadan kəlağayı istehsalında istifadə olunur. İstehsal olunan məhsul Türkiyə və İrana göndəriləcək. İstehsalatdakı dəzgahların bir hissəsini Almaniya istehsalı olan ən müasir avadanlıq təşkil edir. Hazırda toxucu istehsalatında 70 nəfər işçi çalışır. Orta aylıq əmək haqqı 200-250 manat təşkil edir.

Səhmdar cəmiyyətin idarə heyətinin sədri Nizami Qəribov AZƏRTAC-ın müxbirinə müəssisənin gələcək planları barədə məlumat verərək bildirib ki, müəssisə ilin sonunadək hazırkı xammal ehtiyatı ilə fəaliyyət göstərə biləcək. 2017-ci ildə isə Azərbaycanda yaş barama istehsalının 170-200 tona çatdırılması gözlənilir. Bu isə gələn il “Şəki-İpək” ASC-nin 7-8 ay normal fəaliyyət göstərə bilməsi deməkdir.

Müəssisə rəhbərinin verdiyi məlumata görə, cari ilin payız və gələn ilin yaz aylarında Kənd Təsərrüfatı Nazirliyinin köməyi ilə respublikamızın baramaçılıq rayonlarında 1 milyon 600 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda səhmdar cəmiyyətin tinglik sahəsində 100 minədək ting yetişdirilib. Bu tinglər ətraf rayonların kümçülərinə pulsuz paylanılacaq.

Burada hər kəs öz işinə məsuliyyətlə yanaşır. Mexanik Müstəqim Məmmədov da onlardan biridir. O, 1968-ci ildən burucu sexində işləyir və müəssisəni öz doğma evi hesab edir. Müəssisənin fəaliyyətinin bərpa edilməsi işçilər tərəfindən də böyük razılıqla qarşılanıb. İşçilərlə söhbət zamanı burucular Gülbəniz Şabanova, Əlimə Rəsulova və başqaları müəssisənin fəaliyyətinin yenidən bərpa edilməsinə göstərdiyi qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.