REGİONLAR


Şəki-Zaqatala bölgəsi: 9 seçki dairəsi üzrə 418 seçki məntəqəsində səsvermə prosesi təşkil olunub VİDEO

A+ A

Şəki-Zaqatala bölgəsi, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sentyabrın 26-da ölkəmizin hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinə - referenduma start verilib.

AZƏRTAC xəbər verir ki, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.

Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 380 min 74 nəfərdir. Onlardan 5 min 593 nəfəri səsvermədə ilk dəfə iştirak edirlər. Seçicilərin 7 min 335 nəfərinin yaşı 80-100 yaş arasında, 24 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Səsvermənin şəffaf və demokratik keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən etibarlı rabitə sistemi və elektrik generatorları ilə təmin olunub. Səsvermənin gedişini onlayn izləmək üçün 77 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Bu dairələr üzrə səsvermənin gedişini 4 min 273 nəfər yerli müşahidəçi, həmçinin beynəlxalq təşkilatların nümayəndələri izləyirlər.

Dairə seçki komissiyalarından aldığımız məlumata görə, səhər saatlarından başlayaraq seçicilər ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.

X X X

109 saylı Balakən seçki dairəsindən AZƏRTAC-a bildiriblər ki, səsvermənin keçirildiyi 39 seçki məntəqəsində seçicilərin ümumi sayı 43 min 555 nəfərdir. 8 seçki məntəqəsində səsvermənin gedişi veb-kamera vasitəsi ilə onlayn müşahidə olunur. Səsvermənin gedişini, həmçinin 384 nəfər yerli müşahidəçi izləyir. Əvvəlcədən seçicilər arasında maarifləndirilmə işləri aparıldığından, onlara Konstitusiyaya təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verildiyindən seçicilərin fəallığının yüksək olduğu hiss olunur.

X X X

110 saylı Zaqatala seçki dairəsinin seçki məntəqələrində də səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq səhər saat 8.00-da başlanıb. Dairə üzrə səs verəcək seçicilərin ümumi sayı 46 min 407 nəfərdir. Onlardan 401 nəfəri səsvermədə ilk dəfə iştirak edirlər. Seçicilərin 892 nəfərinin yaşı 80-100 arasında, 7 nəfər isə 100 yaşdan yuxarıdır. Əvvəlki seçkilərdə olduğu kimi, ümumxalq səsverməsində də seçicilərin fəallığı müşahidə edilir.

X X X

111 saylı Zaqatala-Balakən seçki dairəsinin tərkibində olan 44 seçki məntəqəsinin 29-u Zaqatala, 15-i isə Balakən rayonunun ərazisində yerləşir. Səsvermənin gedişini müşahidə etmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu dairədə də seçicilər ümumxalq səsverməsində fəallıq nümayiş etdirirlər.

X X X

112 saylı Qax seçki dairəsinin tərkibində olan 58 seçki məntəqəsində də səsvermə prosesi tam tərkibdə və vaxtında başlanıb. Məntəqələrdə seçicilərin öz iradələrini sərbəst həyata keçirmələri üçün lazımi şərait yaradılıb. 8 məntəqədə səsvermənin gedişi veb-kamera vasitəsi ilə onlayn izlənilir. Seçicilər məntəqələrdə yaradılan şəraitdən razı qaldıqlarını, səsvermə prosesinin heç bir kənar müdaxilə olunmadan şəffaf və demokratik keçdiyini bildirirlər.

Dairənin tərkibinə daxil olan 2 saylı seçki məntəqəsində də səhər tezdən seçicilərin fəallığı müşahidə edilir. Şəhərdəki 2 saylı məktəb-liseyin binasında yerləşən bu məntəqədə 1147 seçici qeydə alınıb. Səsvermənin gedişi veb-kamera vasitəsilə onlayn izlənilir. Həmişə olduğu kimi, bu dəfə də ilk səs verənlər arasında ağsaqqallar və ziyalılar çoxluq təşkil edirlər. Müşahidəçilərdən Oqtay Hacıyev, Dünya Məmmədova və başqaları səsvermənin qanunvericiliyin tələblərinə uyğun aparıldığını bildiriblər. Məktəb-liseyin müəllimi Rəna Əhmədova da bu məntəqədə səs verir. Onun bildirdiyinə görə, məntəqədə səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb. Seçicilər kənar müdaxilə olunmadan öz seçimlərini edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.