REGİONLAR


Şəki: ixtisaslaşdırılmış kurslar qarşıdakı referendumla bağlı maarifləndirmə baxımından faydalı olub VİDEO

A+ A

Şəki, 24 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələri dairə seçki komissiyalarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar avqustun 24-də başa çatıb. Kurslarda Şəkidəki hər 3 dairə üzrə ümumilikdə 143 nəfər iştirak edib.

AZƏRTAC xəbər verir ki, 115 saylı Şəki kənd II seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursun sonuncu günü Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsinin (referendum) hazırlanıb keçirilməsinin təmin edilməsi ilə bağlı MSK tərəfindən həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən təşkil olunur.

Mikayıl Rəhimov bildirib ki, hazırda MSK-nın bütün üzvləri və əməkdaşları dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda iştirak edirlər. MSK maarifləndirici tədbirlərə xüsusi önəm verir. Referendum ərəfəsində də belə tədbirlərin keçirilməsi işin səmərəsini artırır və əminliklə demək olar ki, bu, səsvermə günü qarşıya çıxan problemlərin həllinə müsbət təsir göstərəcək. Bu baxımdan aşağı seçki komissiyalarının üzvləri üçün nəzərdə tutulan ixtisaslaşdırılmış kurslar komissiya üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin maarifləndirilməsində, peşəkarlığının yüksəldilməsində, hüquqi biliklərinin artırılmasında mühüm əhəmiyyətə malikdir.

Vurğulanıb ki, referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyaları üzvlərinin üzərinə böyük vəzifələr düşür. Referendumun demokratik şəraitdə keçirilməsi dairə və məntəqə seçki komissiyalarının fəaliyyətindən birbaşa asılıdır.

MSK katibi daha sonra referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri və digər məsələlər barədə danışıb.

Sonra dairə seçki komissiyasının sədri Rasim Əzizov “Referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrinin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda məruzə edib.

Şəki Şəhər Prokurorluğunun böyük məsləhətçisi Vüqar Orucov məruzəsində referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri barədə məsələləri diqqətə çatdırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Avqustun 24-də 109 saylı Balakən, 110 saylı Zaqatala, 111 saylı Zaqatala-Balakən, 112 saylı Qax, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyalarında da ixtisaslaşdırılmış kurslara yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.