REGİONLAR
Şəki məktəblilərinə küçə və yollarda təhlükəsizlik qaydaları öyrədilir
Şəki, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC
Uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyadaların intizamının artırılması, məktəblilərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi rayonun təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Dövlət Yol Polisi Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Şəki Şəhər Təhsil Şöbəsində keçirilən növbəti maarifləndirmə tədbirində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbirdə bölmənin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftəliyev çıxış edərək, qurum tərəfindən davamlı olaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, əsas məqsəd məktəblilərə yollarda təhlükəsiz davranma qaydalarını öyrətmək, uşaq və yeniyetmələrlə bağlı yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Diqqətə çatdırılıb ki, aparılan profilaktik tədbirlər öz müsbət nəticəsini verib. Belə ki, ötən il bölmənin xidmət göstərdiyi ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə ağır yol-nəqliyyat hadisələri baş verməyib.
Bölmənin əməkdaşı uşaqlarda küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin formlaşmasında məktəb kollektivlərinin, müəllimlərin də üzərinə müəyyən vəzifələrin düşdüyünü bildirib. Qeyd olunub ki, uşaqların yol qəzalarından qorunması məqsədilə maarifləndirmə tədbirlərinin aparılmasında təhsil işçiləri Dövlət Yol Polisi Bölməsinə yaxından dəstək göstərməlidir.
Tədbirin sonunda məktəb direktorlarına bölmənin hazırladığı “Piyadaların vəzifələri” mövzusunda təşviqat lövhələri paylanılıb. Belə təşviqat vasitələri təhsil müəssisələrinin giriş-çıxış qapılarının yanında, dəhlizlərin daha aydın görünən yerlərində asılacaq.