REGİONLAR
Şəki rayonunun 71 yaşayış məntəqəsindən 20-də tibbi müayinələr yekunlaşıb
Şəki, 28 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəki rayonunda da mütəşəkkil davam etdirilir. Fevralın 15-də başlanan aksiya çərçivəsində indiyədək 63 min 611 nəfər müayinədən keçib. Rayonun 71 yaşayış məntəqəsindən 20-də tibbi müayinələr artıq başa çatıb.
Bu barədə AZƏRTAC-a Şəki Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri Nazim Əliyev məlumat verib. Şöbə müdirinin bildirdiyinə görə, müayinələr əvvəlcədən tərtib olunan cədvəl əsasında həyata keçirilir. Müayinə olunanlar arasında ürək-damar, endokrin, onkoloji, göz xəstəliklərindən əziyyət çəkənlər çoxluq təşkil edir. Ümumiyyətlə, indiyədək müayinə olunanların 2237 nəfəri ambulator, 251 nəfəri stasionar müalicəyə cəlb olunub. Daha 58 nəfər isə hərtərəfli müayinə olunmaq və müalicə almaq üçün paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən sakinlər yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, belə nəcib aksiyaların davamlı olmasını arzulayırlar.