İQTİSADİYYAT


Şəki rayonunun ərazisi ilə bağlı bir çox xəritə tərtib olunub

A+ A

Bakı, 2 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Dekabrın 2-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi” mövzusunda ictimai təqdimat keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə komitə rəsmiləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın Coğrafiya İnstitutunun, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak edib.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev təqdimatda bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə komitə qarşısında mühüm vəzifələr qoyulub. Belə vəzifələrə ölkədə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, bununla da mükəmməl əmlak/torpaq idarəçiliyini formalaşdırmaq aiddir. Dövlət başçısının tapşırıqlarına əsasən, torpaqların faktiki istifadə vəziyyətini əks etdirən kadastr göstəriciləri ilə sənəd göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır. Torpaq ehtiyatlarından daha səmərəli istifadəni təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Belə ki, tapşırığın icrası olaraq torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, İnzibati Ərazi Vahidləri, İnzibati Ərazi Dairələri və rayonlar üzrə torpaq ehtiyatları haqqında dəqiq elektron kadastr məlumat bazasının yaradılması işinə başlanılıb. Respublikamızda aparılmış torpaq islahatından sonra torpaqların kadastr uçotu sahəsində ilkin layihələr reallaşdırılıb. Bu sahədə real vəziyyəti öyrənmək və mövcud uyğunsuzluqları aradan qaldırmaq məqsədilə pilot layihə çərçivəsində Şəki rayonunda 240 min hektara yaxın sahədə kadastr işləri aparılıb. Bu işlər 2016-cı ilin dekabr ayında yekunlaşıb və pilot layihə başa çatıb.

Tədbirdə qeyd olunub ki, torpaqların öyrənilməsi, kəmiyyət və keyfiyyət uçotunun aparılması və torpaq ehtiyatlarının düzgün idarə edilməsi işi kompleks yanaşma tələb edir. Daşınmaz əmlak olaraq torpaq uzun illər ərzində torpaqəmələgətirən amillərin kompleks təsiri nəticəsində əmələ gəlib. Bu amillərə torpaqəmələgətirən süxurlar, iqlim, relyef, insanın təsərrüfat fəaliyyəti (antropogen təsir) və digərləri aiddir. Ona görə də torpaq münbitliyinin bərpası, artırılması, mühafizəsi və kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlığa nail olunması məqsədilə torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinə ehtiyac var.

Xidmət rəisi, həmçinin nəzərə çatdırıb ki, əldə edilmiş kadastr məlumatları əsasında Şəki rayonunun timsalında coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi ilə torpaq ehtiyatlarından səmərəli istifadəsinə dair təkliflər hazırlanıb. Bu zaman torpaqların kəmiyyət və keyfiyyət uçotu məlumatları, aqroiqlim, landşaft göstəricilərinə istinad olunub.

Torpaqların elektron uçotu işləri nəticəsində Şəki rayonunun ərazisi ilə bağlı bir çox xəritə tərtib olunub. Belə ki, ərazinin meyillik xəritəsi (3D formatında), dəniz səviyyəsindən mütləq yüksəkliyə görə rayon ərazisinin bölgü xəritəsi hazırlanıb. Bitkilərin məhsuldarlığında mühüm rol oynayan 10 dərəcədən yüksək fəal temperaturların cəmi xəritəsi və həmçinin rayonun ərazisinin yağıntıların miqdarına görə bölgüsünü əks etdirən xəritə də tərtib edilib. Habelə torpaqların eroziyaya uğrama xəritəsi, torpaq xəritəsi, eləcə də Şəki rayonunun torpaqlarının şorlaşma və şorakətləşmə xəritələri də tərtib olunub. Torpaqların kəmiyyət, keyfiyyət uçotuna dair göstəricilər, habelə aqroiqlim və relyef göstəriciləri əsasında müvafiq alqoritm cədvəli də tərtib edilib. CİS-in tətbiqi ilə aparılmış təhlillər nəticəsində Azərbaycanda aparıcı kənd təsərrüfatı bitkiləri – çoxillik əkmələr və çərəz, dənli, dənli-paxlalı, texniki, tərəvəz, bostan bitkilərinin becərilmə imkanlarını özündə əks etdirən areal xəritələri də hazırlanıb. Xəritələrdə ayrı-ayrı bitkilər üçün qeyri-məqbul, məqbul, yaxşı və əla hesab edilən areallar göstərilib.

Qeyd olunub ki, əldə edilmiş nəticələr əsasında Şəki rayonunda ayrı-ayrı bitkilərin hansı sahələrdə ekoloji-iqtisadi baxımdan daha əhəmiyyətli olmasını görmək olar. Bildirilib ki, təqdim edilən təkliflər torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsində olduqca əhəmiyyətlidir. Hazırlanmış baza və proqram təminatı ölkənin bütün ərazisində ayrı-ayrı bitkilərin yerləşdirilməsi areallarının təyin olunmasına imkan verir. Diqqətə çatdırılıb ki, rayonlar üzrə torpaq uçotu işləri yekunlaşdıqca bu işlərin həmin rayonlarda da aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.