REGİONLAR
Şəki şəhərinin balaca sakinləri dəyərli bayram hədiyyəsi alıblar
Şəki, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ərəfəsində Şəki şəhərindəki 17 nömrəli körpələr evi-uşaq bağçasının balaca sakinləri çox dəyərli hədiyyə alıblar.
AZƏRTAC xəbər verir ki, bağçada dövlət vəsaiti hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb və bu tərbiyə ocağı dekabrın 22-də yenidən balacaların istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə son illər Şəkidə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb. Bildirilib ki, bu bağça 2014-cü ildə Şəkidə əsaslı təmirdən sonra istifadəyə verilən sayca üçüncüdür. Daha bir bağçanın bu günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda Şəki şəhərində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun cəmiyyətə təqdim etdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hər biri 100 yerlik üç uşaq bağçasının tikintisi davam etdirilir. Hər üç bağça 2015-ci ildə istifadəyə veriləcək. Dövlət vəsaiti ilə inşa edilən daha bir bağçada isə hazırda tamamlanma işləri görülür.
Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. İkimərtəbəli, 100 yerlik uşaq bağçasında 5 qrup fəaliyyət göstərir. Bağça yeni inventar və avadanlıqla təmin olunub, həyət abadlaşdırılıb.