REGİONLAR
Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur VİDEO
Şəki, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər cədvələ uyğun davam etdirilir. Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrasına 2010-cu ilin dekabrında başlanılıb.
Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsi çərçivəsində 2,27 kilometr uzunluğunda Kiş sugötürücü qurğusu inşa edilib, su mənbəyindən anbar kompleksinə qədər 2,9 kilometr uzunluğunda magistral su xətti çəkilib, hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarı təmir olunub. Xlorator qurğusu və sutəmizləyici stansiyanın inzibati binası inşa edilərək sifarişçi təşkilatın istifadəsinə verilib. Birinci mərhələ üzrə işlər 2011-ci ilin sentyabrında başa çatdırılıb.
Layihənin ikinci mərhələsi çərçivəsində hər birinin tutumu 3 min kubmetr olan 3 su anbarı inşa edilib, min kubmetr tutumundakı mövcud su anbarında təmir işləri aparılıb. Eyni zamanda, birinci mərhələ çərçivəsində inşa edilən anbarlar sahəsindən yeni tikilən anbarlaradək polad borularla qidalandırıcı xətlər çəkilib, Şəki şəhərinin suya olan tələbatı qismən təmin edilib.
Bu mərhələ çərçivəsində üçüncü müqavilə üzrə işlərə isə 2016-cı il dekabrın əvvəlində start verilib və Şəki şəhərinin mərkəzi hissəsinin paylayıcı su və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur.
Layihə icraçısı Pərvin Rzayev AZƏRTAC-a müsahibəsində bildirib ki, ikinci mərhələdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı, həmçinin 3 kollektor tikiləcək, ev birləşmələri də daxil olmaqla, 120 kilometrdən artıq su və bir o qədər də kanalizasiya xətləri inşa ediləcək. Hazırda tikinti işləri şəhərin 12 zonasında aparılır. İnşaat işləri ilə 17 tikinti briqadası məşğuldur. Tikintidə 360 nəfərdən çox işçi çalışır. İşlər sürətləndikcə, işçilərin sayı da artırılacaq. Dekabrın əvvəlindən indiyədək 7 kilometrdən artıq su və bir o qədər də kanalizasiya xətləri inşa edilib. Ümumiyyətlə, bu mərhələ çərçivəsində işlərin 2018-ci il oktyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.
Tikinti işlərini Almaniyanın “Dornier Schneider” Consultinq şirkətinin nəzarəti ilə “Əfqan-TTŞ” şirkəti yerinə yetirir.
Layihənin növbəti mərhələsində isə Şəki şəhərindən kənarda tullantı sularını təmizləyəcək qurğu inşa ediləcək.