REGİONLAR


Şəki teatrı beynəlxalq festivalda teatrsevərlərə “Vaqif” dramını təqdim edəcək

A+ A

Şəki, 1 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı sentyabrın 15-də bu şəhərdə başlanacaq “Üç məkan” II Beynəlxalq Teatr Festivalında tamaşaçılara S.Vurğunun “Vaqif” dramının motivləri əsasında yeni quruluşda hazırlanmış eyniadlı səhnə əsərini təqdim edəcək. Tamaşa sentyabrın 22-də Şəki teatrının səhnəsində oynanılacaq.

Bu barədə AZƏRTAC-a teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili məlumat verib.

Əsərə Moskvadan dəvət olunmuş rejissor Mərdan Feyzullayev quruluş verib. Tamaşanın quruluşçu rəssamları Qüdrət Məmmədov və Aleksandr Kripenindir. İkihissəli mənzum dramda Vaqif obrazını Əməkdar Artist Əbülfət Salahov, Qacarı isə Əməkdar Artist Xanlar Həşimzadə canlandıracaqlar.

Hazırda Şəki teatrında beynəlxalq festivala hazırlıq işləri davam edir. Sentyabrın 24-dək davam edəcək festivalda 6 ölkədən dəvət olunmuş teatr kollektivləri iştirak edəcək. Ölkəmiz bu festivalda 5 teatrla təmsil olunacaq.

Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə də nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.