REGİONLAR


Şəki: tütünçülük sahəsində 2 min nəfərə yaxın kənd sakini mövsümi işlə təmin olunub

A+ A

Şəki, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin doqquz ayında Şəki rayonunda faktiki qiymətlərlə 249 milyon 145 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. İstehsal olunan məhsulun 7 faizi dövlət, 93 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 262 milyon 156 min manat təşkil edib. Həmçinin doqquz ayda rayonda 1622 daimi iş yeri açılıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı oktyabrın 24-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.

Hesabat məruzəsində qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda, həmçinin Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında dövlətimizin başçısı kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd edib və bu sahədə qarşıda duran vəzifələri müəyyənləşdirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə ötən müddətdə Şəki rayonunda da zəruri tədbirlər həyata keçirilib. Cari ildə rayonda 193 min ton taxıl istehsal olunub və məhsul istehsalı əvvəlki illə müqayisədə 7 min ton artıb. Artıq rayonda gələn ilin məhsulu üçün payızlıq taxıl səpininə də başlanılıb. Bu məqsədlə indiyədək 38 min hektar sahədə şum qaldırılıb, 4 min hektar sahədə səpin aparılıb.

Rayonda ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində zəruri tədbirlər görülüb. Cari ildə Şəkidə 785 hektar sahədə tütün əkilib və hazırda təsərrüfatlarda məhsul yığımı davam edir. İndiyədək rayonda 2074 ton tütün istehsal olunub, məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 524 ton artıb. Tütünçülük sahəsində 1895 nəfər kənd sakini mövsümi işlə təmin olunub.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə rayonda 8,5 ton barama istehsalı proqnozlaşdırılsa da, kümçülər tapşırığa artıqlaması ilə əməl ediblər. Belə ki, 9 ton 751 kiloqram yaş barama istehsal edilərək, “Şəki-İpək” ASC-yə təhvil verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə cari ilin payızında rayon ərazisində 100 min ədəddən çox tut tinginin əkilməsi nəzərdə tutulur.

Bildirilib ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, ixracyönlü məhsulların istehsalı ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə hazırda Şəkidə yerli sahibkarlar tərəfindən yeni layihələr həyata keçirilir. “Green Faktory” MMC tərəfindən yaradılan aqroparkın ərazisində 78 hektar sahədə İtaliya və Fransadan gətirilmiş müxtəlif meyvə - ərik, şaftalı, armud və gavalı tingləri əkilib. Əlavə olaraq, həmin ərazidə 24 hektar sahədə mebel sənayesini inkişaf etdirmək məqsədi ilə Türkiyədən gətirilmiş pavlovniya ağacları əkilib.

Rayonda qərzəkli meyvə istehsalının inkişaf etdirilməsinə diqqət artırılıb, fərdi təsərrüfatlarda mövcud olan 456 hektar qoz, 979 hektar fındıq və 26 hektar şabalıd bağlarına aqrotexniki qulluq olunub. Yeni fındıq bağlarının salınması üçün rayon ərazisində 361 hektar sahədə torpağın əkinə hazırlanması işləri aparılıb.

Hesabat məruzəsində, həmçinin ötən müddətdə Şəkinin mədəni həyatında baş verən yeniliklərdən də ətraflı bəhs edilib. Bildirilib ki, TÜRKSOY tərəfindən 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəkidə bir sıra mədəni kütləvi tədbirlər keçirilib. Şəki şəhəri, eyni zamanda, 3 beynəlxalq festivala ev sahibliyi edib.

Yığıncaqda 2016-cı ilin doqquz ayında əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən tədbirlər, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.