Şəki və Mingəçevir şəhərlərində ali məktəblərə qəbul imtahanları 7 mərkəzdə aparılıb
Şəki, 13 may, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 13-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4, Mingəçevirdə isə 3 imtahan mərkəzi ayrılıb.
Şəki şəhərində imtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 175 nəzarətçi-müəllim cəlb olunub.
Mingəçevirdə isə qəbul imtahanları 4 və 18 nömrəli tam orta məktəblərdə, həmçinin təbiət-riyaziyyat və humanitar liseydə təşkil olunub. İmtahanların gedişinə 13 imtahan rəhbəri və 144 nəzarətçi-müəllim nəzarət edib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və üç saat davam edib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən saat 14:00-da uğurla başa çatıb.