REGİONLAR


Şəki və Mingəçevir şəhərlərində keçirilən qəbul imtahanlarında  qanun pozuntusu qeydə alınmayıb

Şəki, 14 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 14-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4, Mingəçevirdə isə 3 imtahan mərkəzi ayrılıb.

Şəkidə imtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İmtahanlarda, ümumilikdə, 1992 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 180 nəzarətçi-müəllim cəlb olunub.

Mingəçevir şəhərində isə ali təhsil müəssisələrinə qəbul imtahanları 4 və 18 nömrəli tam orta məktəblərdə, həmçinin təbiət-riyaziyyat və humanitar liseydə təşkil edilib. İmtahanlarda 1412 abituriyentin iştirakı nəzərdə tutulub. Bu məktəblərdə imtahanların idarə olunmasına 11 imtahan rəhbəri və 134 nəzarətçi-müəllim ayrılıb.

AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki 8 nömrəli tam orta məktəbdə keçirilən imtahanların gedişini izləyib. İmtahanların keçirilməsi üçün binada 20 zal ayrılıb, abituriyentlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. Üç imtahan rəhbəri və 42 nəzarətçi-müəllim imtahanların idarə edilməsinə cəlb olunub. İmtahanlar təlimata uyğun olaraq, saat 11:00-da başlayıb və 3 saat davam edib.

İmtahan rəhbəri Hasil Bağırovun bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

DİM Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-a bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.