REGİONLAR


Şəki və Mingəçevir şəhərlərində keçirilən qəbul və attestasiya imtahanları başa çatıb

A+ A

Şəki, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 5-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində keçirdiyi qəbul və attestasiya imtahanları uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), habelə tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazalarında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan IX və XI sinif şagirdləri qatılıblar.

İmtahanların keçirilməsi üçün Şəki və Mingəçevir şəhərlərinin hər birində 5 imtahan mərkəzi ayrılıb.

Şəki şəhərində imtahanlar 8, 12, 14, 20 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanlarda ümumilikdə 2189 məzun və şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 180 nəzarətçi müəllim, həmçinin 18 nəfər ehtiyat nəzarətçi ayrılıb.

AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilən imtahanın gedişi ilə maraqlanıb. Məktəbdə imtahan təlimata uyğun olaraq saat 10.00-da başlanıb. İmtahan rəhbəri Könül Baxşəliyevanın bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Mingəçevir şəhərində isə imtahanlar Mingəçevir Dövlət Universitetində, 4 və 18 nömrəli tam orta məktəblərdə, texniki-humanitar, təbiət-riyaziyyat və humanitar liseylərdə keçirilib. İmtahanlarda ümumilikdə 2266 məzun və şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi müəllim ayrılıb.

TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, imtahanlar mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.