REGİONLAR


Şəkidə 11 saylı uşaq bağçası təmirdən sonra balacaların ixtiyarına verilib VİDEO

A+ A

Şəki, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində sentyabrın 22-də Şəkidə daha bir layihənin - “Şəhər 11 saylı uşaq bağçasının təmiri” layihəsinin icrası uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, uşaq bağçasının təmirdən sonra açılışı münasibətilə keçirilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə şəhər icra hakimiyyəti arasında əməkdaşlığın 16 ildir uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, ümumi dəyəri 1 milyon 440 min ABŞ dolları olan 17 layihə reallaşıb. Bu layihələr məktəb tikintisi, uşaq bağçalarının təmiri, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edir.

Şəkiyə növbəti səfərindən məmnun qaldığını vurğulayan səfir Tsuquo Takahaşi bu qədim şəhərin tarixi-memarlıq abidələrinin, milli mətbəxinin onda böyük təəssürat oyatdığını bildirib. Səfir qeyd edib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.

Qeyd olunub ki, icrası yenicə başa çatan layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında 2016-cı ilin fevralında imzalanıb. Layihənin məqsədi bağçada uşaqlar üçün şəraiti daha da yaxşılaşdırmaqdır. Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 89 min 965 ABŞ dolları təşkil edir.

Uşaq bağçasının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 125 il əvvəl inşa edilmiş binada fəaliyyət göstərən bağçada indiyədək əsaslı təmir işləri aparılmayıb. İki qruplu bağçada 40 nəfər uşaq təlim-tərbiyə alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.