REGİONLAR
Şəkidə 8,5 ton yaş barama istehsalı nəzərdə tutulub
Şəki, 23 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Şəki rayonunda 8,5 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 155 nəfər kümçü ilə müqavilə bağlanıb və onlara 200 qutu, yəni 3,8 kiloqram ipəkqurdu paylanılıb.
Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rafik Məmmədov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq tarixən ipəkçilik rayonu olan Şəkidə də baramaçılığın dirçəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yaş baramanın bir kiloqramının qiymətinin 3 manatdan 8 manata qaldırılması fermerlərin bu sahəyə marağını daha da artırıb.
Baramaçılığın yem bazası ilə bağlı mövcud vəziyyətə toxunan Rafik Məmmədov bildirib ki, hazırda rayonda məhsuldar tut (çəkil) bağlarının ümumi sahəsi 94 hektardır. Gələcəkdə rayon ərazisində yeni tut bağlarının salınması planlaşdırılır.