REGİONLAR
Şəkidə “HUAWEİ Azərbaycan” şirkətinin Təhsil Mərkəzi fəaliyyətə başlayıb
Şəki, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “HUAWEİ Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsi çərçivəsində Təhsil Mərkəzi fəaliyyətə başlayıb.
Şirkətin “Bakcell”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Çinin ölkəmizdəki səfirliyi və AZƏRTAC-ın dəstəyi ilə həyata keçirdiyi “Gözəl Azərbaycan” adlı yeni sosial layihə dörd istiqamət - “Gözəl zəkalar”, “Gözəl mədəniyyət”, “Gözəl xalq” və “Gözəl təbiət” istiqamətləri üzrə icra olunur.
AZƏRTAC xəbər verir ki, Şəkidə həyata keçirilən layihə “Gözəl zəkalar” adlanır. Layihə çərçivəsində Gəncədəki Azərbaycan Dövlət Aqrar Universiteti və Lənkəran Dövlət Universitetlərində də artıq belə mərkəzlər fəaliyyətə başlayıb.
Layihənin məqsədi Azərbaycanı dünyaya daha yaxından tanıtmaq, ölkəmizin təbii zənginliyini, müxtəlifliyini və gözəlliyini nümayiş etdirməkdir.
Təhsil Mərkəzi “HUAWEİ Azərbaycan” şirkəti tərəfindən ödənişsiz WİFİ, həmçinin kompüterlər və tələbələrin istifadəsi üçün nəzərdə tutulan İKT-yə aid kitablarla təmin edilib. Şirkətin yaratdığı bu imkanlar sayəsində tələbələr kompüterlərdən istifadə edəcək, internetdə araşdırma aparacaq və zəruri biliklərə yiyələnəcəklər.
Layihə çərçivəsində tələbələr mərkəzdə bir-biri ilə ünsiyyət qura və dərs hazırlıqları ilə məşğul ola biləcəklər. Bundan əlavə, hər həftənin cümə günləri “HUAWEİ”nin təşkilatçılığı ilə mərkəzdə müxtəlif tədbirlər, təlimlər və hədiyyəli oyunlar keçiriləcək.
Təhsil Mərkəzi bir ay ərzində fəaliyyət göstərərək tələbələrin ixtiyarında olacaq.