REGİONLAR


Şəkidə LD formatlı ingilisdilli ilk debat yay düşərgəsi keçirilir

Bakı, 5 avqust, AZƏRTAC

Ötən gün Şəkidə LD formatlı ingilisdilli ilk debat yay düşərgəsi fəaliyyətə başlayıb. Üç gün davam edəcək “Lincoln Douglas” formatlı debat yay düşərgəsi gənclərin natiqlik bacarıqlarının yüksəlməsinə və özünüinkişafına səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, layihənin açılış mərasimində Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, DVC təşkilatının sədri Ələkbər Mustafayev və Milli Debat Proqramının rəhbəri Qulamhüseyn Məmmədov iştirak edib.

Layihəni açıq elan edən DVC sədri Ə.Mustafayev yay düşərgəsinin gənclərə töhfəsindən danışıb.

Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov isə çıxışında dövlətin gənclərə qayğısından söz açıb, gələcəkdə bu kimi layihələrə şəhər Gənclər və İdman İdarəsi tərəfindən də dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, düşərgədə iştirak etmək üçün müraciət etmiş 300-ə yaxın gənc arasından seçilmiş namizədlərlə müsahibə aparılıb və müsahibədən keçən 60 şəxs debat yay düşərgəsində iştirak hüququ qazanıblar. Seçilmiş iştirakçılara debatın “Lincoln Douglas” formatı üzrə təlimlər keçilib. Gənclərin bilik və bacarıqlarının inkişafına səbəb olan təlimlər ADA Universitetində təşkil olunub.

Milli Debat Proqramı çərçivəsində təşkil olunan düşərgənin məqsədi regional fəaliyyətin inkişaf etdirilməsi, gənclərin natiqlik bacarıqlarının inkişafı və ölkəmizi beynəlxalq layihələrdə təmsil edə biləcək gənclərin üzə çıxarılmasından ibarətdir. Şəki şəhərinin Kiş kəndində start götürmüş düşərgədə yerli və xarici gənclər “Lincoln Douglas” formatında debat oynamaqla yanaşı, yeni biliklər qazanacaq, dünyagörüşlərini inkişaf etdirəcək, o cümlədən “Cənnət Bağı” istirahət mərkəzində gözəl həftəsonu keçirəcəklər.

Qeyd edək ki, “1st LD Summer Debate Camp” layihəsi Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və DVC təşkilatı, ADA Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə reallaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.