REGİONLAR


Şəkidə Xalq Artisti Ağaverdi Paşayevlə görüş VİDEO

A+ A

Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində Azərbaycan Respublikasının Xalq Artisti, professor Ağaverdi Paşayevlə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər.

Bildirilib ki, bugünkü tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin 80 illiyinə həsr olunur.

Məlumat verilib ki, Ağaverdi Paşayev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1978-ci ildə Konservatoriyada pedaqoji fəaliyyətə başlayıb. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri və professoru vəzifəsində çalışır. O, 2002-ci ildən Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Xalq Artisti İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, həmçinin “Humay” milli mükafatına layiq görülüb.

Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Ağaverdi Paşayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə bağlı ömür” kitabının müəllifi Səadət Təhmirazqızı və TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək, görkəmli sənət adamının Azərbaycan musiqisinin inkişafı və təbliğindəki xidmətlərindən danışıblar. Vurğulanıb ki, Ağaverdi Paşayev xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, Azərbaycan mədəniyyət günlərində ölkəmizi layiqincə təmsil edir.

Professor Ağaverdi Paşayev çıxış edərək, belə bir mötəbər festivalda növbəti dəfə iştirak etməyindən məmnun qaldığını bildirib.

Sonra Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış edib.

İyulun 1-də axşam saat 20.00-da Yay teatrında Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi olacaq. Mərasimdə Fikrət Əmirov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestri, Xalq Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.