REGİONLAR
Şəkidə aqrar sənayenin və kənd təsərrüfatının maliyyələşdirilməsi perspektivləri müzakirə olunub
Oktyabrın 22-də “Paşa Bank”ın təşkilatçılığı ilə Şəkidə “Aqrar sənayenin və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivləri” mövzusunda regional biznes-forum keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, forumda Şəki, Zaqatala, Qəbələ, Oğuz şəhərlərindən və yaxın rayonlardan kiçik və orta biznes (KOB) sektorunun 50-yə yaxın müəssisəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, “PAŞA Holdinq”in, “PAŞA Bank”ın və “PAŞA Sığorta”nın mütəxəssislərinin məruzələri dinlənilib.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov iştirakçıları aqrar sənaye və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivlərində bankların, xüsusən də “PAŞA Bank”ın rolu ilə bağlı fikir mübadiləsinə dəvət edib.
Forum çərçivəsində kənd təsərrüfatının və aqrar sənayenin müasir vəziyyəti, ölkənin iqtisadiyyatında rolu, KOB sektorunun sahibkarlarının iştirakı ilə aqrar sənayenin potensial inkişaf imkanları müzakirə olunub.
İştirakçılara, həmçinin alternativ maliyyə mənbələrinin istifadəsi və yerli şirkətlərin timsalında özəl investisiya imkanları barədə də məlumat verilib.