REGİONLAR


Şəkidə beynəlxalq elmi konfrans keçirilib VİDEO

A+ A

Şəki, 2 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şəki şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edib.

AZƏRTAC xəbər verir ki, “paytaxt ili” ilə əlaqədar silsilə tədbirlər çərçivəsində noyabrın 2-də Şəkidə türk dünyasının böyük şairi və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Kitabxanası və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycanın və TÜRKSOY-a üzv olan ölkələrin elm və sənət adamları, o cümlədən şəkili ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Yusif Xas Hacib Balasaqunluya həsr olunmuş kitab sərgisi ilə tanışlıqdan sonra professor Ramiz Əsgərin “Qutadqu-bilik. Biblioqrafiya” kitabının təqdimatı olub.

Beynəlxalq elmi konfransı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin heç də təsadüfi olmadığını bildirib. Vurğulanıb ki, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin mədəni irsi, geniş turizm potensialı ilə Şəki artıq nəinki Azərbaycanda, eləcə də dünyada tanınan bir şəhərə çevrilib. Diqqətə çatdırılıb ki, hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılır.

Elxan Usubov “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində apreldə Şəkidə “paytaxt ili”nin təntənəli açılış mərasiminin, sonrakı aylarda beynəlxalq musiqi, şirniyyat və teatr festivallarının keçirildiyini, müxtəlif sərgilərin təşkil olunduğunu vurğulayıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.

TÜRKSOY-un baş katibinin müavini, professor Fırat Purtaş qeyd edib ki, bu il Yusif Xas Hacib Balasaqunlunun anadan olmasının 1000 illiyi tamam olur. Bu münasibətlə 2016-cı il təşkilat tərəfindən “Yusif Xas Hacib Balasaqunlu ili” elan edilib. TÜRKSOY-un rəsmisi beynəlxalq elmi konfransın türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib.

Sonra Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər “Ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Xas Hacib Balasaqunlu” mövzusunda məruzə edib. Qeyd olunub ki, Yusif Balasaqunlunun türk mədəniyyəti və ədəbiyyatı, ictimai və siyasi fikir tarixində xüsusi yeri var. Onun “Qutadqu-bilik” poeması insan və xoşbəxtlik haqqında elmdir. Poemanın müəllifi Yusif Xas Hacib dünya ədəbiyyatı tarixində humanizmin əsasını qoyan ilk qələm sahiblərindən, poemanın özü isə bu problemə həsr olunmuş ilk bədii əsərlərdən biridir.

Konfansda Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız, Yazıçılar Birliyi Şəki şöbəsinin rəhbəri şair Vaqif Aslan çıxış edərək, böyük türk şairi Yusif Balasaqunlunun yaradıcılığından söz açıblar.

Konfransın ikinci hissəsində Ankara Universitetinin professoru Zülfikar Güngörün “İslamiyyətin türk ədəbiyyatına təsiri: “Qutadqu-bilik” nümunəsi”, Makedoniya Elmlər Akademiyasının professoru Numan Arucun “Türk-İslam düşüncəsinin simvol şəxsiyyətlərini yetişdirən münbit dünya – türk dünyası”, Ankara Universitetinin professoru Gülzura Jumakunovanın “Türk milli ideologiyalar təsisində “Qutadqu-bilik” təlimi”, Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Askar Turganbayın “Qutadqu-bilik” və qazax folkloru” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.