REGİONLAR
Şəkidə gənclər üçün treninq keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün "Biznes ideyanı yarat", "Biznes planların hazırlanması" və "Marketinq" mövzularında treninq keçirilib. Treninqdə biznes-ideyanın yaradılması və həyata keçirilməsi, biznes-planın tərtib olunması, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, nazirlik tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə geniş məlumat verilib.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.