REGİONLAR


Şəkidə güclü selin yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

A+ A

Şəki, 4 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iyulun 2-də axşam saatlarından başlayaraq Şəki rayonunun dağlıq ərazisinə yağan güclü leysan nəticəsində Kiş və Şin çayları daşıb, Kiş kəndinin infrastrukturuna ciddi ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, aidiyyəti dövlət qurumları - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” və “Azəravtoyol” açıq səhmdar cəmiyyətləri, Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun bildirdiyinə görə, hazırda Kiş kəndinə elektrik enerjisinin verilişi tam bərpa olunub. Kəndi elektrik enerjisi ilə təchiz edən 8 transformatordan 6-sı hazırda tam işlək vəziyyətə gətirilib. Yaxın günlərdə təbii fəlakət nəticəsində sıradan çıxmış 200 metr uzunluğunda təbii qaz xəttinin də bərpasına başlanacaq.

İcra hakimiyyəti başçısının bildirdiyinə görə, hazırda ən ciddi problem şəhər əhalisinin içməli su təchizatı ilə bağlıdır. Təbii fəlakət nəticəsində şəhəri içməli su ilə təmin edən kollektoru, drenaj şəbəkəsini lil, palçıq basıb. Hazırda qurğuların lildən təmizlənməsi istiqamətində iş aparılır.

Kollektorda aparılan işlər barədə məlumat verən “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov AZƏRTAC-ın müxbirinə bildirib ki, ilkin hesablamalara görə, sel təxminən 5500 metr uzunluğunda magistral su xəttini aparıb, 2 su anbarı, suqəbuledici qurğu dağılıb. Bu qurğular lilin, palçığın altında qaldığı üçün hələlik zərəri müəyyənləşdirmək çətindir. Qurum rəsmisinin bildirdiyinə görə, hazırda əhaliyə su verilməsi ilə 30-a yaxın su maşını məşğul olur. Eyni zamanda, yerli icra hakimiyyəti də 10 ədəd texnika ayırıb. Günün sonunadək şəhərə suyun verilməsi qismən bərpa olunacaq. İyunun 5-dən isə şəhərin su təchizatı qaydaya düşəcək.

“Azəravtoyol” ASC-nin 15 saylı Yol İstismar İdarəsinin rəisi Yunus İsmayılovun verdiyi məluma görə, Kiş kəndini şəhərlə birləşdirən yolun üzərindəki iki aşırımlı 74 metr uzunluğunda körpünü sel apardığı üçün hələlik kəndə gediş-gəliş yalnız Oxud kəndi ərazisindən keçməklə mümkündür. Bunun üçün isə 10 kilometr əlavə məsafə qət etmək lazım gəlir. Körpünün bərpası ilə əlaqədar müvafiq komissiya yaradılıb və müvəqqəti istifadə üçün həmin ərazidə alternativ yolun salınmasına hazırlıq görülür.

Şəhər Telekommunikasıya Qovşağının mütəxəssisləri də Kiş kəndinin rabitə sisteminin dayanıqlılığının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirirlər. Görülmüş tədbirlər nəticəsində hazırda kənd əhalisi telefon rabitəsi və internetdən normal şəkildə istifadə edir.

Şəkidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.