REGİONLAR
Şəkidə sel suları nəticəsində sıradan çıxmış kənd yolu bərpa edilib
Bakı, 15 iyul, AZƏRTAC
İki gün öncə Şəki rayonunda sel sularının təsirindən yuyularaq sıradan çıxan Cunut kəndinin yolu bərpa olunub.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dağlara yağan aramsız leysan yağışları nəticəsində Biləcik çayına gələn güclü sel səbəbi ilə sözügedən kəndə gediş-gəliş çətinləşmişdi. Qısa müddət ərzində sel suları nəticəsində yuyularaq sıradan çıxmış yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Qeyd olunub ki, son aylar ərzində intensiv yağıntılar və sel suları nəticəsində Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda avtomobil yollarına ziyan dəyib, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Masallı–Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələri daha da aktivləşdiyindən avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. “Azəravtoyol” ASC tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən ərazilərdə hərəkətin fasiləsizliyi təmin olunub.