ELM VƏ TƏHSİL


Şəkidə seminar: “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı”

Bakı, 7 avqust, AZƏRTAC 

Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda regional seminar keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, seminar “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində gerçəkləşib.

Seminarda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı aktual elmi mövzulara dair məruzələr dinlənilib, ipəkçilik sənayesi və barama istehsalındakı problemlər müzakirə olunub.

ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü “Ekoloji təmiz ipək istehsalı ilə bağlı qoyulan tələblər” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycanın Şəki, Şamaxı, Bərdə və Qarabağ kimi tarixi ipək mərkəzləri haqqında məlumat verib, ölkəmizin ərazisindən keçən və ipək ticarətində mühüm rol oynayan karvan yollarının əhəmiyyətini vurğulayıb.

Seminarda “Tut ipəkqurdunun ŞREM-də əldə olunmuş iqtisadi baxımdan səmərəli cins və hibridləri”, “Azərbaycanda tut ipəkqurdunun süni yemlə yemləndirilməsi üçün ilkin tədqiqatlar”, “Tut ipəkqurdunun molekulyar genetik metodlarla öyrənilməsi” mövzularında məruzələr dinlənilib.

Məruzələrdə bildirilib ki, Azərbaycanın təbii-iqtisadi və aqroekoloji şəraiti ipəkçiliyin inkişafı baxımından çox əlverişlidir və hazırda dövlətimiz bu sahəyə xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti tərəfindən baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı mühüm sərəncam və fərmanlar imzalanır, məqsədyönlü tədbirlər həyata keçirilir.

Sonda gələcəkdə baramaçılıq, ipəkçilik, tut ipəkqurdunun və tut tinglərinin yetişdirilməsi istiqamətində təşkilatların birgə fəaliyyətinin zəruriliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.