REGİONLAR
Şəkidə taxıl istehsalı ötən illə müqayisədə 21 min tondan çox artıb
Şəki, 31 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Şəki taxılçıları builki mövsümdə 66 min 634 hektar sahədən 214 min 96 ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min 568 ton artıb.
Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurumun rəsmisinin bildirdiyinə görə, tədarük olunan taxılın 153 min 700 tonu buğda, 60 min 396 tonu isə arpadır. Hər hektardan orta hesabla 32,1 sentner məhsul götürülüb. Hektarın məhsuldarlığı əvvəlki illə müqayisədə 3,4 sentner artıb.
Hazırda biçilən sahələr küləşdən təmizlənir və təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılması işlərinə başlanılıb.