REGİONLAR


Şəkidə təşkil olunan “Bir” Könüllülük Akademiyasında 60 tələbə iştirak edir

A+ A

Şəki, 2 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində sentyabrın 2-də Şəki şəhərindəki “Cənnət bağı” İstirahət Mərkəzində tələbələr üçün “Bir” Könüllülük Akademiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən müsahibə və xüsusi məntiq testi yolu ilə seçilmiş 60 tələbə iştirak edir.

Akademiyanın başlanması münasibətilə keçirilən tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, proqramın əlaqələndiriciləri Tural Abdullazadə və Ülviyyə Babazadə çıxış edərək layihənin məqsədi barədə məlumat veriblər. Bildirilib ki, “Bir” Tələbə-Könüllü Proqramı tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması məqsədi ilə davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Proqramın təmsilçiləri indiyədək 35 irimiqyaslı tədbirdə könüllülük fəaliyyəti göstəriblər.

Qeyd olunub ki, Könüllülük Akademiyası tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsi məqsədi daşıyır. Akademiyanın proqramı təlim-tədris və mədəni-idman sahələrini əhatə edir. Təlim-tədris proqramı çərçivəsində tələbələr “Azərbaycan menecmenti”, “Karyera inkişafı”, “Ünsiyyət və təqdimat bacarıqları”, “İnternet-kommunikasiya”, “Layihə idarəetməsi” təlimlərində iştirak edəcəklər. Mədəni-idman proqramı çərçivəsində isə tələbələr qazandıqları bilikləri bacarıqlara çevirmək üçün “Breyn-rinq” və “Code Tusi” adlı intellektual komanda oyunlarında qüvvələrini sınayacaqlar.

“Bir” Könüllülük Akademiyası sentyabrın 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.