REGİONLAR
Şəkidə tütün əkini sahələri 189 hektar artırılıb
Şəki, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Şəki rayonunun təsərrüfatlarında 785 hektar sahədə tütün əkilib. Əkin sahələri əvvəlki illə müqayisədə 189 hektar artırılıb.
Bu barədə AZƏRTAC-a Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. İndiyədək sahələrdən 1551 ton yaş tütün yarpağı yığılıb.
Qeyd edək ki, plantasiyalardan yığılan “Virciniya” növlü ətirli tütün qurudulmaq üçün yaş halda “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilir. “İtiyarpaq” tütün sortu isə fermerlərin özləri tərəfindən qurudulduqdan sonra cəmiyyətə veriləcək.
Yaş tütünün bir kiloqramının satış qiymətinin artırılaraq birinci növ üçün 25, ikinci növ üçün isə 15 qəpik müəyyənləşdirilməsi şəkili fermerlərin tütünçülüyə marağının artmasına səbəb olub.