REGİONLAR
Şəkidə tütün əkini sahələri 58 hektar artıb
Şəki, 7 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Şəki rayonunda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Əkin sahələrinin 502,5 hektarına “Virciniya”, 56,5 hektarına “Berley”, 284 hektarına isə yerli tütün sortları əkilib.
Artıq təsərrüfatlarda tütün yığımına başlanılıb. İlk günlər “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi tərəfindən fermerlərdən qurudulmaq üçün yaş halda 57 tona yaxın “Virciniya” növlü ətirli tütün yarpağı qəbul edilib.
Şəki Şəhər İcra Hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov AZƏRTAC-a bildirib ki, “Berley” və yerli tütün sortlarını isə fermerlər özləri qurutduqdan sonra cəmiyyətə təhvil verəcəklər.
Xatırladaq ki, 2016-cı ildə Şəki rayonunda 785 hektar sahədə tütün yetişdirilib, 2441 ton quru tütün istehsal edilib.