REGİONLAR
Şəkidə üç kəndi birləşdirən avtomobil yolunun tikintisində tamamlama işləri aparılır
Şəki, 20 yanvar, AZƏRTAC
Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərdə son iki ildə 640 və 125 şagird yerlik iki yeni məktəb binası tikilib istifadəyə verilib. Ötən il Baş Göynük kəndinin ərazisində 2 ədəd subartezian quyusu qazılıb. Hazırda kəndin qazlaşdırılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Baş Göynük kəndində 2016-cı ilin yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rza Calalov bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən yenidən qurulan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisində hazırda son tamamlama işləri aparılır. 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 17,2 kilometr uzunluğunda bu yolun istifadəyə verilməsi nəticəsində sakinlərin Şəki şəhərinə və ətraf kəndlərə gediş-gəlişi daha da asanlaşacaq.
Yığıncaqda çıxış edən sakinlər əhalinin sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, eyni zamanda, mövcud problemlərə toxunublar. Sakinlər Baş Göynük-Baş Şabalıd kəndlərini birləşdirən avtomobil yolunun üzərində suötürücü qurğuların tikintisi, 2 saylı məktəbin binasının dam örtüyünün, həmçinin kənddəki uşaq bağçasının əsaslı təmir olunması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 2 ədəd artezian quyusunun qazılması, Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun qalan hissəsinə asfalt örtüyünün çəkilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.