REGİONLAR


Şəkidə yaradılan “Sənaye-Aqropark” xarici bazarlara meyvə ixrac edəcək

Şəki, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında geniş şura iclasında 2017-ci ilin birinci yarısında rayonda görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

AZƏRTAC xəbər verir ki, iclasda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, ilin birinci yarısında ilkin hesablamalara görə, rayonda faktiki qiymətlərlə 181 milyon 194 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb. Buraxılan məhsulun 11 faizi dövlət, 89 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin həcmi artaraq 213 milyon 917 min manat olub. Müddət ərzində rayonda 2 min 169 yeni, daimi iş yeri açılıb.

Hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayon iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, ənənəvi sahələrdən olan tütünçülüyün, baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 66 min 634 hektar sahəyə aqrotexniki qulluq olunub. Bu günədək 60 min hektardan çox sahənin taxılı biçilib, 200 min tona yaxın məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 32 sentnerdən yuxarı olub.

Diqqətə çatdırılıb ki, cari ildə rayonda 843 hektar sahədə tütün bitkisi yetişdirilib. Əkin sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Rayonda barama istehsalının artırılması diqqət mərkəzində saxlanılıb. Kümçülər cari mövsümdə 17,7 ton yaş barama məhsulu istehsal ediblər. Bu, ötən illə müqayisədə 8 ton çoxdur. İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə ötən ilin payız mövsümündə rayon ərazisində 724 hektar, cari ilin yazında isə 58,5 hektar sahədə yeni fındıq bağları salınaraq, fındıq bağlarının ümumi sahəsi 1761,5 hektara çatdırılıb.

Bildirilib ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq rayonda meyvə, tərəvəz, istixana təsərrüfatı və orqanik gübrə istehsalı ilə məşğul olan “Sənaye – Aqropark” yaradılıb, 78 hektar sahədə İtaliya və Fransadan gətirilmiş, müxtəlif meyvə - ərik, şaftalı, armud və gavalı tingləri əkilib. Əlavə olaraq, həmin ərazidə 24 hektar sahədə mebel sənayesini inkişaf etdirmək məqsədi ilə Türkiyədən gətirilmiş pavloniya ağacları əkilib. Hazırda aqroparkda 200 nəfər işlə təmin olunub. Bu il sahələrdən 500 tona yaxın məhsul yığılıb və satış üçün yerli bazarlara çıxarılıb. Gələn ildən etibarən məhsulun xarici bazarlara çıxarılması üçün məqsədyönlü iş aparılır.

Hesabat məruzəsində 2017-ci ilin birinci yarısında rayonun mədəni həyatında baş verən yeniliklərdən ətraflı bəhs edilib. Bildirilib ki, iyunun axırında keçirilən Şəki “İpək yolu” VIII Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrindən gələn tanınmış musiqi kollektivləri iştirak edib.

Yığıncaqda, həmçinin ilin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, 2017-ci ildə Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 3-cü mərhələsinın icrasına başlanılıb. Hesabat dövründə 647 mənzil qazlaşdırılıb.

Çıxışlarda vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.